Ekologiya və torpaqşünaslıq fakültəsi
02/11/2020
Torpaqşünaslıq kafedrasının müdiri Qərib Məmmədovun Yeni Azərbaycan qəzetində məqaləsi dərc olunub

Ali Baş Komandanımız status-kvonu dəyişməklə, təmas xəttini aradan qaldırmaqla, şəhər və kəndlərimizin işğaldan azad olunmasını təmin etməklə Azərbaycan xalqına sonsuz qürur və sevinc hissi bəxş edir
Son 17 il tariximizə Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi inkişaf, əhalinin rifah halının yaxşılaşması, xarici siyasət, ordu quruculuğu, islahatların miqyasının genişləndirilməsi və digər strateji önəm daşıyan istiqamətlərdə uğurlar qazanması, ölkənin hər cəhətdən müasir simasının formalaşması dövrü kimi düşüb. Hər şeydən əvvəl, cənab İlham Əliyevin məqsədyönlü, ardıcıl, milli maraqlara hədəflənən, cəmiyyətin sosial sifarişləri üzərində qurulan fəaliyyətində biz Ümummilli Liderimiz Heydər Əliyevin təməlini qoyduğu siyasətin varisliyinin yüksək səviyyədə təmin edildiyinin şahidi oluruq.
Güclü və qətiyyətli lider amili: 30 il davam edən Dağlıq Qarabağ münaqişəsinin həllində yaranan yeni mərhələ kontekstində
Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibələrinin birində vurğuladığı kimi, xalqımızın tarixində şərəf dolu səhifələr çox olub. Eyni zamanda, Azərbaycan cari il sentyabrın 27-dən etibarən öz keşməkeşli tarixinin növbəti belə şanlı, qürurverici dövrünü yaşayır. Xəbər verildiyi kimi, sentyabrın 27-də düşmən tərəf qoşunların təmas xəttində növbəti təxribata əl ataraq mövqelərimizi, o cümlədən də dinc əhalini, kəndlərimizi atəşə tutub. Buna cavab olaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edilib. Beləliklə, güclü və qətiyyətli lider amili cərəyan edən proseslərin fonunda, Dağlıq Qarabağ münaqişəsinin həllində yaranan yeni mərhələ kontekstində daha qabarıq şəkildə nəzərə çarpır. Bir daha təsdiqlənir ki, Prezident İlham Əliyevin siyasəti ilk növbədə milli maraqlar və xalqın istəyi əsasında formalaşır. Prezident İlham Əliyev Rusiyanın “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində bu məqamı bir daha xüsusi olaraq nəzərə çatdırıb: “Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir”.
Məlumdur ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin tarixi üç onilliyi əhatə edir. Təbii ki, Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmayıb. Ölkəmiz özünün ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında prinsipial mövqedən çıxış edir. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etməsi isə dövlətimizin və xalqımızın sülhə sadiqliyini təsdiqləyir. Ancaq danışıqlar prosesinin əhatə etdiyi 30 ilə yaxın müddətdə ümidlər boşa çıxıb. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş ərazilərdən qeyd-şərtsiz geri çəkilmələrini özündə ehtiva edən 4 qətnaməsi 27 ildir ki, kağız üzərində qalıb. İşğalçı Ermənistan müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesini faktiki olaraq pozub. Buna görə də, sentyabrın 27-dən etibarən bütün cəbhə boyunca vəziyyətin gərginləşməsinin məsuliyyəti tamamilə Ermənistanın hazırkı siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Beləliklə, işğalçı Ermənistanın təxribatlarına cavab olaraq ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamasına göstəriş verməklə Prezident İlham Əliyev əzmli, qətiyyətli siyasətçi və dövlət başçısı olduğunu bir daha sübut etdi. Dövlətimizin başçısı oktyabrın 17-də xalqa növbəti müraciətində bildirib ki, heç bir təhdid və təzyiq Onun iradəsinə təsir göstərə bilməz. “Ali Baş Komandan kimi bütün işlərə rəhbərlik edirəm və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da öz fəaliyyətimdə ölkəmizin, xalqımızın milli maraqlarını qorumaq üçün əlimdən gəlini əsirgəməyəcəyəm. Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz”.
Azərbaycan Prezidenti İlham Əliyev son vaxtlarda müxtəlif beynəlxalq tədbirlərdə Ermənistanın baş naziri Nikol Paşinyana dəfələrlə tarix dərsi verdi. Dövlətimizin başçısı, həmçinin BMT-nin tribunasından işğalçı dövlətin yeni müharibəyə hazırlaşdığını açıq mətnlə bəyan etdi və dünya birliyini, beynəlxalq təşkilatları təcavüzkarı dayandırmağa çağırdı. Lakin bunlar baş vermədi. Hətta işğalçı Ermənistanın baş naziri getdikcə azğınlaşaraq Azərbaycana şərtlər irəli sürdü. Halbuki onun səsləndirdiyi 7 şərtin heç birinin hüquqi əsası yoxdur. Azərbaycan Prezidentinin irəli sürdüyü şərt isə beynəlxalq hüquq normalarına və hazırkı vəziyyətə tam adekvatdır. Dövlət başçımızın işğalçı dövlətin baş nazirinin dilə gətirdiyi 7 şərtin müqabilində, yalnız bir şərt qoyub ki, o da özündə işğalçı dövlətin hərbi birləşmələrinin ərazilərimizdən çıxmasını, 30 il ərzində davam edən işğal faktına son qoyulmasını, ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasını ehtiva edir.
Beləliklə, regional təhlükəsizliyə ciddi təhdidlər yaradan separatizmi açıq-aşkar dəstəkləyən, Azərbaycan ərazisində müharibə cinayətlərini davam etdirən, xalqımızın hisləri ilə oynayan Nikol Paşinyan, ümumilikdə işğalçı ölkə mütləq cəzalandırılmalı idi və Azərbaycan Ordusu hazırda bunu edir. Ali Baş Komandanımızın qətiyyətini, Azərbaycanın Silahlı Qüvvələrinin gücünü görən N.Paşinyan indi rəzil günə qalıb, ona-buna yalvarır, imdad diləyir, kimlərinsə dabanını yalayır ki, Ermənistana kömək göstərsinlər. Eyni zamanda, öz əqrəb xislətindən də qalmır, yenə də Azərbaycana pislik etmək istəyir. Bu dəfə əli hər şeydən üzüldüyünə görə ölkəmizin dincə əhalisinə atəş açdırır, Gəncəni, Mingəçeviri, Tərtəri və digər yaşayış məntəqələrimizi, mülki əhalini vurdurur. Bu, gözgörəsi insanlığa qarşı yönələn, bütün humanitar sədləri aşan müharibə cinayətidir. Belə cinayətləri törədənlərin cəzası ağır olmalıdır. “Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”, - deyə dövlətimizin başçısı xalqa son müraciətində bildirib.
Azərbaycan Prezidenti işğal məhsulu olan və 27 il davam edən status-kvonu dəyişdi
Bu məqamda xatırlatmaq yerinə düşər ki, ATƏT-in Minsk qrupu 30 ilə yaxındır təcavüzkar Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoymaqla məşğuldur. İşğalçı dövlət beynəlxalq hüquqa hörmətsizlik göstərərək BMT-nin qətnamələrini “köhnəlmiş sənədlər” kimi dəyərləndirir və bu gün də onların icrasına lüzum görmür. Beynəlxalq birlik qarşısında özünü cığal uşaq kimi aparan Ermənistanın bu addımı isə susqunluqla qarşılanır.
Belə ikili standarlar şəraitində isə Azərbaycan Prezident İlham Əliyevin qətiyyəti sayəsində tarixi ədaləti özü bərpa edir. Məlum olduğu kimi, müharibə şəraitində yaşayan Azərbaycanda son 17 ildə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, ordunun yüksək və peşəkar hərbçi kadrlarla təmin edilməsi, döyüş hazırlığının artırılması dövlət siyasətinin prioritet istiqamətini təşkil edib və hər il büdcədən qeyd olunan məqsədlər üçün böyük həcmlərdə vəsaitlər ayrılıb. Qürurverici haldır ki, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır.
Ordumuzun güclənməsinin məntiqi nəticəsi olaraq cəbhədə üstünlük bizim tərəfə keçib. Ordumuz, həmçinin qoşunların təmas xəttində sentyabrın 27-dən etibarən başlayan əks-hücum əməliyyatlarında da öz üstünlüyünü nümayiş etdirir. Son günlərdə Azərbaycan xalqı cəbhədən xoş soraqlar alır və üç onillik ərzində işğal altında qalan torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayır. Artıq bir sıra strateji əhəmiyyət daşıyan yüksəkliklər, həmçinin Cəbrayıl və Füzuli şəhərləri, o cümlədən Suqovuşan, eyni zamanda, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının bir çox kəndləri, Hadrut qəsəbəsi işğaldan təmizlənib, Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalanır. Düşmən texnika və canlı qüvvə sarıdan böyük itkilər verərək geri çəkilir. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri qısa müddətdə işğalçı Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın edib. Bundan sonra Ermənistana onilliklər lazım olacaq ki, özünə ordu qura bilsin. Deyə bilərik ki, Ermənistanın dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsılıb. Hazırda Azərbaycan Ordusunun üzü hər bir azərbaycanlı üçün son dərəcə əziz olan Şuşaya sarıdır. Prezident İlham Əliyev “Şuşasız bizim işimiz yarımçıq olar” deməklə xalqımızın doğma şəhərimizə necə möhkəm tellərlə bağlı olduğunu ifadə edib.
Bütün bunları bizim Liderimiz, Prezidentimiz, Ali Baş Komandanımız edir. Sentyabrın 27-dən bəri Azərbaycanın Silahlı Qüvvələrinin döyüş meydanlarında qazandığı uğurların baş memarı və əsas qəhrəmanı məhz Odur. Cənab İlham Əliyev beynəlxalq qurumların 30 il ərzində edə bilmədiklərini Özü tək edir. O, status-kvonu dəyişməklə, təmas xəttini aradan qaldırmaqla Azərbaycan xalqına sonsuz qürur və sevinc hissi bəxş edib.
Onu da qeyd edək ki, Ordumuz Cəbrayıl, Füzuli şəhərlərini, Hadrut qəsəbəsini və digər yaşayış məntəqələrimizi işğalçılardan azad edilməsi əməliyyatlarını yüksək peşəkarlıqla həyata keçirib. Ekspertlər düşmənin qurduğu istehkamların yarılmasına uzun vaxt tələb olunacağını bildirirdilər. Ancaq Azərbaycan Ordusu ermənilərin yaratdığı mifi darmadağın etdi, çox qısa müddətdə istehkamları yarmağa müvəffəq oldu. Bu, Silahlı Qüvvələrimizin Ali Baş Komandanın rəhbərliyi ilə yazdığı şanlı tarixdir. Ordumuzun xilaskarlıq missiyası yerinə yetirməsi, öz torpağımızda döyüşməsi şəxsi heyətə güclü impuls verir. Heç bir şübhə yoxdur ki, müzəffər Ordumuz işğalçıları torpağımızdan qovmağa davam edəcək.
Döyüş meydanında qazanılan qələbələr Azərbaycanın diplomatik müstəvidə də üstünlüyünü şərtləndirir
Eyni zamanda, Azərbaycanın döyüş meydanında qazandığı uğurlar ölkəmizin diplomatik müstəvidə üstünlüyünü təmin edir. Bunu biz oktyabrın 9-da Moskvada Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında aparılan danışıqlarda bir daha müşahidə etdik. Moskva danışıqlarının yekunu olaraq imzalanan bəyanatda ölkəmizin bütün istəkləri nəzərə alınıb. Açıq-aydın görünür ki, bir vaxtlar sərsəm bəyənatları ilə danışıqlar prosesini dalana sürükləyən işğalçı dövlətin baş naziri Nikol Paşinyan tərəfindən indi ağ bayraq qaldırılır. İşğalçının aqibəti belə olmalı idi və oldu. Prezident İlham Əliyevin son müsahibələrinin birində dediyi kimi, Paşinyan Şuşada, Cıdır düzündə sərxoş halda rəqs edəndə özünə bu gün baş verənlər barəsində hökm imzalamışdı. Hazırda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə edir. Bir vaxtlar Azərbaycana qarşı iddia və hikkələrlə danışan baş nazir artıq kapitulyasiya olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edilib.
Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan informasiya cəbhəsində də Ermənistanı darmadağın edib
Deyə bilərik ki, bu gün torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlər yalnız ön xəttə getmir, həm də təbliğat sahəsində, KİV-lərdə, sosial mediada aparılır. Bu sahədə də Prezident İlham Əliyevin fəallığı hamı üçün nümunə sayıla bilər. Məlumdur ki, düşmən tərəf xaricdəki erməni lobbisinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatları, necə deyərlər, əyri güzgüdən təqdim edir. Sentyabrın 27-dən bəri döyüş meydanlarında ardıcıl məğlubiyyətə uğrayan Ermənistan muzdlu yazarları vasitəsilə Azərbaycan barəsində qara piara rəvac verib.
Ancaq erməni təbliğat maşını hazırda Dağlıq Qarabağ münaqişəsinin ilk mərhələsində olduğu kimi aktiv işləyə bilmir və yaxud dünyada ermənilərin yalanlarına, vay-şivən salmalarına inananların sayı əhəmiyyətli dərəcədə azalıb. Bunun əsas səbəblərindən biri dövlətimizin başçısı İlham Əliyevin beynəlxalq tədbirlərdə auditoriyaya Dağlıq Qarabağın tarixini, 30 ildir ki, davam edən münaqişənin mahiyyətini, Ermənistanın təcavüzkarlıq siyasətini davam etdirməsini əsaslandırılmış şəkildə, yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırmasıdır. Dövlətimizin başçısının “Valday” diskussiya klubunda, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində aparılan müzakirələrdə, Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında səsləndirdiyi fikirlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsil həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından böyük aktuallıq daşıyır.
Prezident İlham Əliyev sentyabrın 27-dən etibarən döyüş meydanlarında olduğu kimi, həmçinin informasiya cəbhəsində də üstünlüyümüzü təmin etmək üçün intensiv və səmərəli iş aparır. Qısa dövr ərzində dövlətimizin başçısı üç dəfə xalqa müraciət ünvanlayıb, “Əl-Cəzirə”, “Euronyus”, “CNN International”, “Sky Nyus”, “Əl-Ərəbiyə”, “TRT Haber”, “CNN Türk”, “Haber Qlobal”, “Rossiya-1”, Rusiyanın “Pervıy kanal”, Türkiyənin “A Haber” televiziya kanallarına, Rusiyanın “Ria Novosti” agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova, Türkiyənin NTV televiziyasına və digər KİV-lərə çoxsaylı müsahibələr verib. Dövlət başçısının bəhs olunan müsahibələri vasitəsilə dünyanın müxtəlif ölkələrində çoxsaylı izləyicilər Ordumuzun xilaskarlıq missiyası həyata keçirdiyi, Ermənistanın işğalçılıq siyasəti, münaqişə bölgəsindən kənarda yerləşən şəhərlərimizi atəşə tutması, dinc sakinləri, mülki infrastrukturu hədəfə alması ilə bağlı birinci şəxsin dilindən ətraflı məlumat əldə etmək imkanı qazanıblar.
Status-kvonu dəyişməklə, təmas xəttini aradan qaldırmaqla, şəhər və kəndlərimizin işğaldan azad olunmasını təmin etməklə Azərbaycan xalqına sonsuz qürur və sevinc hissi bəxş edən Ali Baş Komandanımıza ardıcıl qələbələrə görə təşəkkür edirik. İnanırıq ki, Vətən müharibəsində bütün cəbhələrdə qələbənin baş memarı və əsas qəhrəmanı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı bütün torpaqlarımız tezliklə azad olunacaq, həmin torpaqlarda üçrəngli bayrağımız qürurla və əzəmətlə dalğalanacaq.
Qərib MƏMMƏDOV
AMEA-nın Aqrar məsələlər üzrə müşaviri, akademik

http://yeniazerbaycan.com/Siyaset_e56065_az.html

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.