Ekologiya və torpaqşünaslıq fakültəsi
22/06/2021
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl Əliyevin Xalq qəzetində növbəti məqaləsi dərc olunub

O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermşdilər. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır.

Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları, II Qarabağ savaşına son qoyan 10 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndində deyilir: “Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir ”. Bu bəyanat Azərbaycanın Naxçıvan Muxtar Respublikasının bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi, Ermənistan Respublikası vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir.

Göründüyü kimi, bu tarixi razılaşmada Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat- kommunikasiya xətlərinin bərpası nəzərdə tutulur. Bu dəhliz Türkiyə Cumhuriyyətinin və İran İslam Respublikasının da birbaşa, maneəsiz, qısa yolla və daha tez Azərbaycana, Rusiyaya, Gürcüstana və Xəzər dənizinin köməyi ilə Orta Asiya türk respub­likalarına çıxışını təmin edəcəkdir. Bu proses zamanı digər kommuni­kasiya xətlərinin cəkilməsi də ucuz başa gələcəkdir.

Azərbaycanı Naxçıvan Muxtar Resublikası ilə bağlayan, 1941-ci ildə cəkilmiş Mincivan–Culfa dəmir yolu xətti Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-ci ildən fəaliyyətini məcburi olaraq dayan­dırmışdır. Azərbaycanı Naxçıvan Muxtar Respublikasindan ayıran Ermənistanın Mehri rayonunun Nüvədi kəndində anadan olmuş bir azərbaycanlı kimi bu bölgə haqqında bildiklərimi Azərbaycanın Ermənistanla sərhədlərinin dəqiqləşdirildiyi bir zamanda soydaşlarımıza çatdırmağı faydalı bilirəm.

Hazırda Zəngəzur dəhlizi kimi gündəmdə olan Mehri ra­yonunun İranla sərhəd, eyni zamanda dəmiryol xətti keçən hissəsinin uzunluğu 46 kilometr­dir. Bu dəhlizin 24 kilometri Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ən böyük kəndlərindən biri olmuş Nüvədinin payına düşür. Zəngilan rayonunun qonşu Ağbənd kəndindən Mehri rayonunun Astazur kəndinə kimi İrəvana və Naxçıvana gedən qatarlar Ağbənd stansiyasından sonra əhalinin minib-düşməsi üçün Nüvədi ərazisində yerləşən Sığirtda, Nüvədi, razyezd Nüvədi və Astazur stansiyalarında bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən Astazur erməni kəndinə qədər ərazi dağlıq olduğu ücün dəmir yol xətti, demək olar ki, Araz cayının bəzən 15–20 metrlik məsafəsindən keçirdi. Ərazi yüksək dağlıq olduğu üçün bu hissəni yalnız Arazboyu çəkilmişdir. Dağlar Araza çox yaxın olduğundan və 1941-ci ildə texniki imkanlar çox da geniş olmadığın­dan bir vaxtda dəmiryol xəttinin keçməsi Sığırtda və razyezd Nüvədidə tunel vurulmuşdur.

Ümummilli lider Heydər Əliyev ötən əsrin 80-cı illərində Mosk­vada işləyərkən onun təşəbbüsu ilə Nüvədi ərazisindən kecməklə Bakı– Naxçıvan avtomobil yolunun çəkilməsinə başlanmışdı. Həmin yolun Bakıdan Nüvədiyə kimi 434 kilometrlik hissəsi və Naxçıvandan Mehri rayonunun Aldərə kəndinə qədər hissəsi çəkilmişdi. Erməni şovinistləri Nüvədi–Astazur arası 15 kilometrlik və Astazur–Aldərə arası 5 kilometrlik məsafənin çəkilib birləşdirilməsinə imkan vermədilər.

Ermənistan rəhbərliyi Mosk­vaya yazmışdı ki, guya, bu yol Bakı–Mincivan–Qafan–Oxçu–Maralzəmi–Lehvaz–Mehri–Nax­çıvan ərazilərindən keçməklə hazırdır, Nüvədi–Aldərə yolunu çəkib birləşdirməyə ehtiyac yoxdur, bu artıq xərcdir. Əslində isə onlar bunu etməklə qəsdən Bakı– Nax­şıvan yolunu lüzumsuz olaraq 140 kilometr uzadır, həm də dağlıq şəraitdə payız-qış aylarında gediş-gəlişi çətinləşdirirdilər.

Nüvədi kəndi Mehri rayonunun ərazisinin 40 faizini təşkil edirdi. Cəmi, 12 kəndi, 15 min əhalisi olan rayonun 6 mini azərbaycanlılar idi. 1950-ci ildən 1991-ci ilə kimi Nüvədidə müəllim, məktəb direkto­ru işləmiş atam Əhmədəli Əliyevin vətənpərvərliyi, ciddiliyi, tələbkarlıgı və qayğısı nəticəsində Nüvədi məktəbini bitirən məzunlardan iki akademik, on nəfərə yaxın elmlər doktoru, yüz nəfərə yaxın elmlər namizədi yetişmişdir. Sonralar atam xatirəsində yazmışdı: “1945-ci ildə İrəvanın Lenin meydanından keçəndə Ermənistanın fanerdən düzəldilmiş bir xəritəsi diqqəti cəlb edirdi. Xəritənin aşağısında şərti isarələr yazılan yerdə respublika­nın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdı. Böyük şəhər ifadəsinin qarşısında İrəvan, böyük rayon ifadəsinin qarşısında Leninakan, böyük kənd ifadəsinin qarşısında isə Nüvədi yazılmışdı. Kəndin 19 min hektar ərazisi vardır ki, onun 16 min hek­tarı yararlı torpaq sahəsidir. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi”.

Nüvədililər ilk dəfə 1905–1906- cı illərdə erməni işğalına məruz qalmışlar. Araz çayını birtəhər keçərək Nüvədinin qarşısında yerləsən İranın Misən kəndinə pənah gətirmişlər. Ana babam Sultanəli kişi biz uşaq olanda deyirdi ki, Misənli Hacı xan onları çox yaxşı qarşılamışdı. Gedən kimi iki top parça göndərib bildirmişdi ki, qaçqın gəlmisiniz, paltar tikdirin, arvad-uşaq çılpaq qalmasın. Xan kəndin yuxarı hissəsində hamını yerbəyer edib iş vermişdi. Babamı da öz torpaqlarında işləmək üçün rəncbər götürmüşdü. Üç ildən sonra, 1910-cu ildə qaçqınlar yenə də Nüvədiyə qayıtmışdılar.

İkinci dəfə 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o cümlədən Mehrinin azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini də işğal edərək soydaşlarımızın bir qismini məhv etmiş, canını qurtara bilənlər isə əsasən Ordubada və Zəngilana pənah aparmışlar.

Üçüncü dəfə isə Nüvədi kəndinin əhalisi, 1991-ci il avqust ayının 7- də Ermənistandan cıxan sonuncu azərbaycanlılar idi. Ulu öndər Heydər Əliyev nüvədililərin 1988–1991-ci illərdə torpaqları uğrunda göstərdikləri müqaviməti yüksək qiymətləndirərək demiş­di: “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”.

Nüvədi kəndi 1929-cu ilə kimi Gəncə quberniyasının Cəbrayıl qəzasına baxmışdır. Kəndin ağsaq­qallarından hazırda Bakı şəhərində yaşayan Balakişi Həsənov ata-babalarından eşitdiklərini xatırla­yaraq söyləyir ki, Ermənistanda sovet hakimiyyəti qurulana qədər nüvədililər hər hansı bir sənəd almaq və ya məhkəməlik işlə bağlı Cəbrayıl qəzasının mərkəzi olan Malakana gedərmişlər. Həmin Ma­lakan şəhərinin adı Sovet dövründə dəyişdirilərək əvvəl Qarabulaq (Böyük bulaq), sonra Karyagin və daha sonra 1959-cu ildən isə dahi Azərbaycan şairi Məhəmməd Fizu­linin şərəfinə Fizuli adlandırılmışdır.

Nüvədili ağsaqqal Balakişi Həsənovun eşidib xatırladığı bir əhvalatı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. 28 aprel 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra bol­şevik ordusunun başçısı Smirnov vaxtı ilə Zəngilanda pristav işləmiş Cəbrayılı dəstəsi ilə bələdçi götü­rüb, Nüvədidən keçərək ermənilər yaşayan Astazur kəndinə gəlir. Smirnovun məqsədi ermənilərin sovetləşməyə münasibətini öyrənmək imiş. Ermənilər kənddə onları “çox yaxşı” qarşılayır, hey­van kəsilir, süfrəyə şərab gətirilir. Erməni psixologiyasını yaxşı bilən Cəbrayıl kişi məclisi seyr edib görür ki, buradakılar yalız qoca ermənilərdir, bir nəfər də olsun ca­van yoxdur. Başa düşür ki, burada ermənilər nəsə bir qurğu qurublar, xəyanət iyi gəlir. Rusların yeməyə oturmasına baxmayaraq, o öz adamları ilə yeməyə oturmayıb, məclisi tərk edir.

Kənarda pusquda duran ermənilər ruslara hücüm edir. Onlar çətinliklə aradan çıxaraq yolda bələdçilərinə çatırlar. Ermənistanda isə sovet hakimiyyəti 7 aydan son­ra 29 noyabr 1920-ci ildə qurulur. İtalyan alimi Tasitin dediyi kimi “ermənilər xasiyyətcə ikiüzlü və xəyanətkardırlar”.

Alman səyyahı Alfred Kyor­tedin erməni milləti haqqında dediyi də maraqlıdır: “Bir yunan iki yəhudini, bir erməni isə iki yunanı aldada bilir”. Rusiyanın vaxtı ilə Van və Ərzurumda baş konsu­lu Mayevski isə “Xatirələr”ində yazırdı ki, “həqiqət ona görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən düşünülmüş şəkildə qaçırlar”.

Ümummilli Lider Heydər Əliyev demişdir ki, “XX əsrin 20-ci illərində sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda res­publikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilib­dir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilib­dir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqte­yi–nəzərdən müəyyən çətinliklər yaranıbdır”.

Gəncə quberniyasının Zəngəzur qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra Zəngilan rayonunun sərhədində yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuşdur. 18 fevral 1929-cu ildə kənd aşağıdakı sənəd əsasında Ermənistan SSR-in Mehri rayonu­na verilmişdir:

“Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatla­rı sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-ci il tarixli iclasının 3 №-li Protokolu”

Sədrlik edirdi: Sxakaya M. yoldaş.

İştirak edirdilər:

Zaq. MİK Prezidiumunun üzvləri– Bünyadzadə D., Bağırov M., Dolidze A., Stur V., Tağıyev İ., Şaverdova A., Yaqubov yoldaşlar.

Eşidildi: Nüvədi, Ernəzir və Tuğut kəndlərinin Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mehri qəzasına aid edilməsi haqqında.

Qərara alındı: Göstərilmiş üç kənd öz torpaqları ilə Erm. SSR Mehri qəzasının inzibati idarə etməsinə verilsin”.

Həmin gizli qəbul edilmiş sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bü­rosunda yenidən baxılmış, bu xəyanət Azərbayca SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə “qanunlaşdırılmış” və bu 3 kənd Zəngilan rayonunu tərkibindən çıxarılmışdır. 1988-ci ilin fevralında Ermənistan SSR-dən azərbaycanlıların son deporta­siyasına başlananda nüvədililər Azərbaycan Respublikası rəhbərliyi qarşısında bu fərmanın ləğv olunması barədə dəfələrlə məsələ qaldırmış, lakin istədiklərinə nail ola bilməmişlər.

Biz nüvədililər həmin ədalətsiz qərarın və fərmanın ləğvini yenə də Azərbaycanın Milli Məclisindən xahiş edirik. 1990-cı illərdən başlayaraq nüvədililər tarixi ədalətsizliyə son qoyulacağı günü gözləyirlər. Azərbaycan Respub­likasına məxsusluq son vaxtlara kimi kəndin möhür və ştamplarında da mühafizə olunub saxlanılırdı. Məktəbin möhür və ştampında ”Azərbaycan Şura Cumhuriyyəti Cəbrayıl qəzası Zəngilan rayonu­nun Nüvədi kənd ibtidai məktəbi” yazılmışdı.

1991-ci il avqustun 7-dək Ermənistanda azərbaycanlıların yığcam yaşadıqları sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin sakinləri doğma torpaq­lara qayıtmaq hüququnun təmin olunması üçün BMT-nin Baş katibinə, təşkilatın İnsan Hüquq­ları üzrə Ali Komissarına, İnsan Hüquqları Şurasının rəhbərinə, Qaçqınların İşləri üzrə Ali Komissa­rına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assamb­leyasının prezidentinə, UNESCO və ICESCO-nun Baş direktorlarına müraciət ünvanlayıblar. Həmin sənədi Nüvədinin 452 ailəsi adın­dan kəndin ən yaşlı sakini 96 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin sabiq deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev imzalayıblar.

Müraciətdə qeyd olunur ki, 1991-ci ilə qədər bir nəfər də erməninin yaşamadığı Nüvədi kəndi 1929-cu ilə qədər inzi­bati ərazi bölgüsü cəhətdən Azərbaycanın Cəbrayıl qəzasına tabe olub. Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli iclasının qanunsuz qərarı ilə Nüvədi kəndi Azərbaycan SSR-in Cəbrayıl qəzasından alınaraq Ermənistan SSR-in Mehri qəzasının inziba­ti idarəetməsinə verilib. Həmin sənəd uzun müddət rəsmən təsdiq edilməyib. Nəhayət, 1969-cu ilin mayında kəndin əhalisinin heç bir razılığı alınmadan Nüvədi Ermənistan SSR-in Mehri rayonu­nun inzibati ərazi vahidinə daxil edilib. Nüvədi kəndinin sakinləri Azərbaycan xalqının multikultural və tolerant adət-ənənələrindən çıxış edərək dinc erməni xalqı ilə birgəyaşayışa hazır olduqlarını bildiriblər.

Müraciətdə diqqətə çatdırılır ki, insan hüquqları ilə bağlı bütün sənədlər, o cümlədən 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqın­ların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitu­siyası Prinsipləri və digər sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir.

Müraciətdə vurğulandığı kimi, Nüvədi kəndi qədim və zəngin tarixə malikdir. Kənd ərazisində yerləşən tarixi Sultan-Səlmə istehkamı, həmçinin Baba Hacı, Abdulata, Tişneyni və digər ziyarətgahlar, eyni zamanda Orta Əsr qəbiristanlıqları, mükəmməl mühəndis konstruksiyalı yeraltı dəhnə və yerüstü kəhrizlər sistemi zəngin və qədim tarixdən yadigar­dır.

Bu gün Nüvədi kəndinin tarixi adı dəyişdirilərək Nrnadzor ad­landırılıb. Yer adları, coğrafi adlar da qeyri-maddi mədəni irsin bir hissəsidir və onların kütləvi şəkildə saxtalaşdırılması orada əsrlər boyu yaşamış insanların mədəni hüquq­larının birbaşa pozulması olmaqla, “toponimik soyqırımı” adlı soyqı­rımı növüdür. Həmin ərazilərdə yerləşən tarixi, dini, memarlıq və mədəniyyət abidələrinin məhvi isə bilavasitə “mədəni soyqırımı” siyasətinin tərkib hissəsidir.

“Nüvədidən qovulmuş azərbaycanlılar əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarına, kəndin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər. Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir: “O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermşdilər. Bu, böyük ədalətsizlik idi. Cünki Zəngəzur tarixi, əzəli Azərbaycan torpagıdır. Zəngəzurun o vaxtkı əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq”.

Azərbaycan Respublikasının Birinci vıtse-prezidenti Mehriban Əliyevanın rəsmi “ İnstragram” səhifəsində paylaşdığı “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağı­nı öpməyi nəsib etsin!” arzusu reallığa çevrilmişdir. Ulu Tanrı­dan arzumuz budur ki, bu reallıq nüvədililərə də qismət olsun!

https://xalqqazeti.com/az/news/78837

 

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.