Ekologiya və torpaqşünaslıq fakültəsi
20/10/2020
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl Əliyevin Respublika qəzetində növbəti məqaləsi dərc olunub

Azərbaycanın sentyabrın 27-dən hərbi birləşmə mövqelərinin, cəbhə xətti boyu yaşayış məntəqələrinin, mülki obyektlərin, infrastrukturların, dinc əhalinin,eyni zamanda oktyabrın 11-də gecə saat 2 radələrində cəbhə zonasından çox uzaq məsafədə yerləşən Azərbaycanın qədim ikinci böyük şəhəri Gəncənin Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə ağır artilleriya qurğuları, ballistik raketlərlə atəşə tutulması nəticəsində çoxlu sayda vətəndaşlarımız həlak olmuş və yaralanmış, külli miqdarda ev, mülki obyekt, infrastruktur dağıdılmışdır. Baş Prokurorluğun mətbuat xidmətinin verdiyi məlumata görə sentyabrın 27-dən oktyabrın 12:00-dək Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində mülki şəxslərdən 41 nəfər həlak olmuş, 207 nəfər xəsarət almış, 1185 ev, 57 çoxmərtəbəli yaşayış binası və 148 mülki obyekt yararsız vəziyyətə düşmüşdür. Bu son hərbi cinayətlərlə bağlı müvafiq rayon prokurorluqlarında çoxlu sayda cinayət işi açılmışdır.


Gecədən xeyli kecmiş Gəncənin dinc əhalisinin yatarkən raket atəşinə tutulması düşmənin qarşı növbəti terror aktı olub, xalqımıza qarşı ikinci Xocalı soyqırımıdır. Onlar düşmənçiliklərini ən son həddə çatdıraraq dinc əhalini kütləvi şəkildə qırmaq, daha çox itki yaratmaq istəyir, insanlar arasında iğtişaş yaradıb, yaşadıqları əraziləri təcili tərk etməsini istəyirlər. Amma düşmən başa düşmür ki, onların qeyri-insani, barbar hərəkətləri xalqı, müxalif siyasi qüvvələri də Prezident İlham Əliyevin ətrafında daha sıx, daha möhkəm birləşdirir. Həm I, həm də II Dünya müharibəsində iştirak etmiş bir nəfərdən soruşurlar ki, Siz deyə bilərsinizmi hər iki müharibədə ən güclü silah nə olub? Düşünmədən: “Mənim gördüyüm ən güclü silah insan gücüdür” demişdir. Bunun bariz nümunəsini ölkəmizdə torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində əyani görürük. Müharibəni Ali Baş Komandan ətrafında daha sıx birləşmiş ordumuz, onun arxasında möhkəm dayanmış xalqımız, müstəqillik dövründə böyüyən qürur duyduğumuz Azərbaycan xalqı və gəncləri aparır.
Rəsmi məlumatlara görə, Ermənistan son 30 ildə Dağlıq Qarabağı və onun ətraf rayonlarını işğal etməsi nəticəsində Azərbaycana maddi, ekoloji və mənəvi cəhətdən 285 milyard ABŞ dolları miqdarında zərər vurub.
Ümummilli lider Heydər Əliyev demişdir ki, “ ...XX əsrin 20-ci illərində yeni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikanın sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində olan, qədim Azərbaycan torpağı olan Mehri rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.
Naxçıvanı Azərbaycandan ayıran bu məsafə 46 km olub, onun 24 km-i Nüvədi kəndinin payına düşür. Nüvədi kəndi ən qədim azərbaycanlı kəndlərindən biri olub, Ermənistandan 1991-ci il avqust ayının 7- də çıxan sonuncu kənd idi. Ulu öndər Heydər Əliyev nüvədililərin 1988-1991-ci illərdə torpaqları uğrunda göstərdikləri müqaviməti yüksək qiymətləndirərək - “Nüvədi kəndinin camaatı çox dəyanətli insanlardır”- demişdir.
Zəngəzur mahalının Mığrı bölgəsi 1918-ci ilədək Azərbaycanın Gəncə quberniyasının Zəngəzur qəzasında mahal olmuşdur. 1918-ci ildə ermənilər Zəngəzurun bir hissəsini, o sırada Mığrını işğal edərək soydaşlarımızın bir qismini məhv etmiş, sağ qurtara bilənlər əsasən Naxçıvana (Ordubada) və Aşağı Zəngəzura (Zəngilana) pənah aparmışlar. 1920-ci ildə Ermənistanda Sovet Hakimiyyəti elan olunduqdan sonra 1918-1919-cu illərdə daşnakların zəbt etdikləri başqa Azərbaycan torpaqları kimi, sahəsi 664 kv.km. olan Mığrı da nədənsə “qeyd-şərtsiz” Ermənistana daxil edilmişdir. Qədim Mığrı Azərbaycan türk tayfasının -Mığır. danışıqda Mıgrı olub, sonuncu saitlə “r” samiti yerini dəyişib. Atam, Əhmədəli Əliyevin “Azərbaycan dilinin Meğri şivəsi” (Bakı, “Elm”, 2003-cü il, 581 s.), monoqrafiyasına professor Qəzənfər Kazımov yazdığı giriş sözündə deyir: “Meğri” sözünə gəlincə... ermənilərin də dilinə yatan bu söz xalis türk sözüdür. Zəngəzurun qədim kəndlərindən birinin adıdır. Beləliklə, Zəngəzur da heç vaxt erməni torpağı olmayıb.
Nüvədi - Azərbaycanlı kəndi, Zəngilan rayonunun sərhədindədir. Gəncə quberniyasının Zəngəzur qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra Nüvədi kəndi 1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən Cəbrayıl qəzasına tabe olmuş, 18 fevral 1929-cu ildə aşağıdakı sənəd əsasında Ermənistan SSR-in Mığrı rayonuna verilmişdir.
Rus dilində tərtib olunmuş sənədin Azərbaycan dilində tərcüməsi aşağıda verilmişdir:
“Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1920-ci il tarixli iclasının 3 №-li Protokolu”
Sədrlik edirdi: Sxakaya M. yoldaş.
İştirak edirdilər:
Zaq. MİK Prezidiumunun üzvləri:
Bünyadzadə D., Bağırov M., Dolidze A., Stur V., Tağıyev İ., Şaverdova A., Yaqubov yoldaşlar.
Zaq. MİK Prezidiumu üzvlüyünə namizədlər:
Cavaxaşvili A.,Torikaşvili E. yoldaşlar.
Zaq. MSİ-dən Rixadze A. yoldaş.
Zaq.. İcraiyyə Komitəsindən Şeirenç yoldaş.
Zaq. MİK Prezidiumu katibliyinin müdiri:
Babayev Q. yoldaş.
Zaq. MİK təşkilat şöbəsinin müdiri Melnikov F. yoldaş.
Zaq. MİK təşkilat şöbəsinin təlimatçısı Əkbərov yoldaş.
Məsləhətçi: Kaçuxaşvili İ. yoldaş.
Eşidildi: Nüvədi, Ernəzir və Tuğut kəndlərinin Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mığrı qəzasına aid edilməsi haqqında.
Qərara alındı: Göstərilmiş üç kənd öz torpaqları ilə Erm. SSR Mığrı qəzasının inzibati idarə etməsinə verilsin.
Həmin sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə “qanunlaşdırılıb”, Zəngilan rayonunu tərkibindən çıxarılmışdır. 1988-ci ilin fevralında Ermənistan SSR-dən azərbaycanlıların son deportasiyasına başlananda nüvədililər Azərbaycan Respublikası rəhbərliyi qarşısında bu fərmanın ləğv olunması barədə dəfələrlə məsələ qaldırmış, lakin istədiklərinə nail ola bilməmişlər.
Biz nüvədililər bu fərmanın ləğvini yenə də Azərbaycanın Milli Məclisindən xahiş edirik. 1990-cı illərdən başlayaraq nüvədililərin və şəxsən mənim bir ziyalı kimi tanıdığım Milli Məclisin əksər deputatlarına dəfələrlə mətbuat vasitəsi ilə, ərizə ilə, söhbətlərlə müraciət etməyimizə baxmayaraq, nüvədililər arzularına 30 ildən çoxdur ki, çata bilməmişlər.
Atam Əhmədəli Əliyevin yazdıqlarından: “...1945-ci ildə İrəvanın Lenin meydanından keçəndə Ermənistanın faneldən düzəldilmiş bir xəritəsi diqqəti cəlb edirdi. Xəritənin aşağısında şərti işarələr yazılan yerdə respublikanın böyük şəhəri, böyük rayonu, böyük kəndi ifadələri yazılmışdır. Böyük şəhər ifadəsinin qarşısında İrəvan, böyük rayon ifadəsinin qarşısında Leninakan, böyük kənd ifadəsinin qarşısında isə Nüvədi yazılmışdır. ...Kəndin 19 min hektar ərazisi vardır ki, onun 16 min hektarı yararlı torpaq sahəsidir. Nüvədi kəndi hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi.” (“Nüvədi axıracan vuruşdu”, “Respublika” qəzeti, 12 fevral 1998-ci il, s.3).
Azərbaycan Respublikasının izləri son vaxtlara kimi kəndin möhür və ştamplarında da mühafizə olunub saxlanılırdı. Məktəbin möhür və ştampında “Azərbaycan Şura Cümhuriyyəti Cəbrayıl qəzası Zəngilan rayonunun Nüvədi kənd ibtidai məktəbi” ünvanı yazılmışdır.
Əhmədəli müəllimin bir fikri də maraq doğurur: “Mığrının dəmiryol dayanacağı ilə Ordubad rayonunun sərhəddi arasında yerləşən kənd də ermənilərin orada yerləşməmişdən əvvəl Qirçivan (Qırxcavan) adlanırdı. Qaçaq Nəbinin qardaşı Mehdi İrana keçərkən həmin kənddə ermənilər tərəfindən xaincəsinə qətlə yetirilmişdir. Əhmədəli Əliyev, İsmayıl Əliyevin “Meğri rayonuna səyahət”. “Azərbaycan” qəzeti, 26 sentyabr 2003- cü il, yazdıqları məqalədə həm də toponimlərin dili ilə bir daha qədimdən Mığrı rayonununda yüz faiz azərbaycanlılar yaşadıqlarını göstərirlər. Bu məqalədə XX əsrin əvvəllərində qəddarcasına törədilmiş erməni təxribatları da öz əksini tapmışdır.
SSRİ-nin beynəlmiləlçilik yalançı qardaşlıq siyasəti dövründə azad söz, azad fikir söyləmək mümkün deyildi. Bir tərəfdən də ermənilərin bir çox nümayəndələri, o cümlədən A.S. Mikoyan dövlətin yüksək istinadgah zirvəsi Kremldə oturub öz qılıncını həm sağa, həm də sola çəkirdi. Bütün bunlar 70 il Sovetlər İttifaqının yaşadığı dövrdə yüzlərlə faciələrə, milyonlarla insanların günahsız ölümünə səbəb olub. Bu dövrdə Moskvanın siyasi-inzibati təzyiqi ilə Azərbaycanın əzəli torpaqları tədricən süni dövlət - Ermənistan Sovet Sosialist Respublikasının torpaqlarına qatıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir: “...o vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermişdilər. Bu böyük ədalətsizlik idi. Çünki Zəngəzur tarixi , əzəli Azərbaycan torpağıdır. Zəngəzurun o vaxtki əhalisinin mütləq əksəriyyəti azərbaycanlılar idi. Zəngəzurun bütün yaşayış məntəqələrinin adları Azərbaycan adları idi. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Eyni zamanda, bu qərarla Azərbaycan coğrafi baxımdan iki yerə bölünürdü. Eyni zamanda böyük türk dünyası iki yerə bölünürdü. Bu ədalətsizlikdir, bu sağalmayan yaradır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq...”
Xoşbəxt o xalqdır ki, onun ulu öndəri var, o xalq daha çox xoşbəxtdir ki, ulu öndərinin davamçısı var. Bu gün 7 min 104 millətin yaşadığı 220-yə yaxın dövlətlərin ulu öndərləri çox az olmuşdur. Dünya dövlətlərinə nəzər saldıqda ABŞ-ın Corc Vaşinqton, İngiltərənin Uinston Çörçill, İkinci Dünya müharibəsindən sonra yerlə-yeksan olmuş məğlub Almaniyanı bərpa edib qısa vaxtda dünyanın inkişaf etmiş dövlətləri sırasına gətirib çıxarmış baş nazir Adenaüer, Cinin Den Siao Pin, Hindistanın Cavahirləl Nehru, Türkiyənin Atatürk, Azərbaycanın isə Heydər Əliyev kimi ulu öndərləri vardır. O xalq daha çox xoşbəxtdir ki, ulu öndərinin davamçısı var. Bu mənada bizim Azərbaycan xalqı xoşbəxt xalqdır. Ulu öndərin davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevimiz vardır. Ulu öndər Heydər Əliyevin davamçısı, yalnız Dünya Şöhrətli Siyasi Xadimin övladı olmayıb, eyni zamanda onun müdrik siyasi, diplomatik, psixoloji məktəbində hərtərəfli yetişmişdir. Heç də ümummilli lider Heydər Əliyev hədər yerə deməmişdir ki, “...Mən ona özüm qədər inanıram... “
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev sülhə tərəfdardır, lakin işğalçı ordunun ərazilərimizdən çıxması şəraiti ilə müharibənin tez bir zamanda dayandırılmasını istəyir. Prezident gələcəyə humanist, inamla, optimist baxır. Mənfur qonşularımızla gələcəkdə olacaq münasibətləri müdrikcəsinə açıqlayır. Bunların hamısı, Azərbaycanın gələcək strategiyası, cənab Prezident İlham Əliyevin Ermənistan silahlı qüvvələrinin ölkəmizə son təxribatı ilə açılan 27 sentyabr hadisələri atdığı ilk addımlar - hərbi vəziyyət elan edilməsi haqqında fərman, sentyabrın 27-də Azərbaycan televiziyası ilə xalqa müraciəti, Təhlükəsizlik Şurasının iclasını keçirməsi və oradakı çıxışları, dünyanın müxtəlif telekanallarına: “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, TRT Haber-1, Rusiya -1, “Haber Global”, RBK, “Haber Türk” və s. verdiyi müsahibələrdə geniş şəkildə əksini tapır. Verdiyi müsahibələri vasitəsi ilə Prezident İlham Əliyev təkbaşına bütöv bir jurnalistlər ordusunun gördüyü işi görür, müsahibələrində həm siyasi xadim, həm diplomat, həm sərkərdə, həm psixoloq, həm də xalqın cəfakeşi olduğunu bir daha göstərir. Erməni xalqına hər dəfə müraciət edərək bildirir ki, Azərbaycanda minlərlə erməni var. Onlar vətəndaşımızdır. Erməni xalqı ilə bizim işimiz yoxdur. İşğalçılıq siyasətinə son qoyulandan sonra bu xalqlar birgə yaşayacaqlar.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” sözləri bu gün də Azərbaycanın həyatında xüsusi yer alır və xalq-iqtidar birliyinin bariz ifadəsidir. Bütün Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişdir və bu çətin gündə öz rəhbərinə Şanlı ordusuna əminliklə inanaraq bilirlər ki, Qələbə bizimlədir.
Xalqımızın bir yaxşı misalı var “İlan ulduz görməsə, can vermir”. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da deyir ki, “Biz sussaq tarix susmaz, tarix sussa həqiqət susmaz!” Bu gün geri çəkilmək kiminsə ağlının ucundan belə keçmir, necə deyərlər, artıq ox yaydan çıxıb. Bütün ölkəni o əzm, o yekdillik, o böyük ideal qovuşdurur — ancaq İrəli! Ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə xalqın bir məqsədi var - zəfər bayrağını azad olunmuş torpaqlarımıza sancmaq.
Əminəm ki, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi və rəşadətli Azərbaycan ordusunun şücaəti nəticəsində Azərbaycanın işğal altındakı bütün torpaqları tezliklə azad olunacaq və 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın doğma ocaqlarına dönməsi təmin ediləcəkdir. İnşallah Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi “İnstragram” səhifəsində paylaşdığı “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu reallığa çevriləcəkdir.
Allah ordumuzu qorusun! Amin!

İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin
kafedra müdiri, professor



http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/29898-aezaeli-torpaglarimiza-gayidadzaghig.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.