Ekologiya və torpaqşünaslıq fakültəsi
04/11/2015
BDU-nun AMEA-da Elm və Tədris Mərkəzi yaradılıb

Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi ərəfəsində Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda yaradılmış Elm və Tədris Mərkəzinin açılışı olub. İnstitutun Elmi Şurasının üzvləri, laboratoriya müdirləri və əməkdaşların iştirakı ilə keçirilən açılış mərasimində çıxış  edən rektor, akademik Abel Məhərrəmov deyib ki, mərkəz BDU və AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb. Rektor Abel Məhərrəmov BDU ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında elmi-pedaqoji əməkdaşlığın tarixinin 2004-cü ildə biologiya fakültəsinin nəzdində yaradılmış “Torpaqşünaslıq” kafedrası ilə başladığını qeyd edib. Onu da bildirib ki, hazırda  ekologiya və torpaqşünaslıq fakültəsində bir sıra ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasında, o cümlədən birgə konfransların təşkilində əlaqələr uğurla davam etdirilir. Yeni yaradılan Mərkəzin tədris prosesinin elmi-tədqiqatla əlaqləndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantların tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktik bilik, bacarıq və vərdişlərin formalaşdırılması  baxımından əhəmiyyətli olduğunu söyləyib. Sonra AMEA-nın Aqrar Elmlər Bölməsinin akademik-katibi, akademik Qərib Məmmədov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, professor Əlövsət Quliyev və professor Paşa Zamanov çıxış edərək əməkdaşlığın bundan sonra daha səmərəli şəkildə davam edəcəyinə əminliklərini ifadə ediblər.

Sonda tədbir iştirakçıları institutun elmi-tədqiqat laboratoriyaları,  Torpaq muzeyi ilə yaxından tanış olublar.

Mətbuat və informasiya şöbəsi, 04 noyabr 2015-ci il.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.