Ekologiya və torpaqşünaslıq fakültəsi
07/10/2019
BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

Bakı Dövlət Universitetində (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru Kamran Mahmudov və Kimya fakültəsinin “Üzvi kimya” kafedrası nəzdində fəaliyyət göstərən “Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Ataş Qurbanovun Portuqaliyanın Lissabon Universitetində uzun müddətli ezamiyyəti müddətində yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Ümumuniversitet elmi seminarı keçirilib.
Seminarı giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açaraq elmi-tematik plan üzrə yerinə yetirilmiş işlər əsasında mühüm elmi nəticələrin Ümumuniversitet elmi seminarlarında kollektivə təqdim edilməsi, geniş müzakirəyə çıxarılması, həmçinin tələbələrin elmi axtarışlara sövq edilməsi məqsədilə davamlı olaraq təşkil olunacağını bildirib.
Hesabat xarakteri daşıyan seminarda Kamran Mahmudovun “Qeyri-kovalent qarşılıqlı təsirlər: sintez, kataliz və materialların dizaynı”, Ataş Qurbanovun isə “Kristal mühəndisliyində qeyri-kovalent qarşılıqlı təsirlər” mövzularında məruzələri universitetin elmi ictimaiyyətinə təqdim edilib. Məruzəçilər ezamiyyət müddətində Lissabon Universitetində mövzu üzrə elmi-tədqiqat işlərinin təşkili, BDU-nun Kimya fakültəsinin əməkdaşları və xarici alimlərlə birgə əldə etdikləri elmi nəticələri, həmçinin uyğun dövrü əhatə edən nəşrləri barədə də geniş məlumat veriblər.
Kamran Mahmudov bildirib ki, qeyri-kovalent qarşılıqlı təsirlər (hidrogen, halogen, xalkogen, pnictogen, tetrel və triel rabitələr, həmçinin kation-π, anion-ππ-π, n-π*, aqostik, pseudo-aqostik, anaqostik, dispersion, lipofil, və s.) biomolekulların və materialların özülünü təşkil edir. Keçid mərhələlərini və intermediatları stabilləşdirən qeyri-kovalent qarşılıqlı təsirlər kimyəvi reaksiyaların selektivliyi və katalitik proseslərin istiqamətini müəyyən edir. Baxmayaraq ki, hidrogen rabitəsinin rolu sintez və katalizdə yaxşı öyrənilib, yeni növ rabitələr - halogen, xalkogen, pniktogen, tetrel və triel - sintetik kimyada geniş istifadə edilməyib.  Ezamiyyət dövrü ərzində üzvi və koordinasion birləşmələrin sintezində qeyri-kovalent qarşılıqlı təsirlərin rolunun öyrənilməsi, azot və hidrazonlarda E/Z izomerləşmənin qeyri-kovalent qarşılıqlı təsirlərlə nəzarəti, qeyri-kovalent qarşılıqlı təsirlər mövzusunda beynəlxalq konfransın təşkili əsas məqsəd olub. K.Mahmudov onu da əlavə edib ki, Clarivate Analytics agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda  4 geniş icmal, 2 kitab fəsli, 25 məqalə və 12 tezis nəşr etməklə Bakı Dövlət Universitetini layiqincə təmsil edib.
Digər məruzəçi Ataş Qurbanov isə koordinasion və üzvü birləşmələrin xassələrinin molekullararası zəif qarşılıqlı təsirlərin (hidrogen, halogen, xalkogen, tetrel ve s. rabitələr) təbiətindən asılı olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Məlum olub ki, molekula qeyri-kovalent rabitə donor və ya akseptor əvəzedicilər daxil etməklə onların xassələrini dəyişmək (tənzim etmək) mümkündür. Koordinasion birləşmələrin katalitik aktivliyini artırmaq ücün ligand molekuluna əlavə sulfo və ya karboksil qruplarının daxil edilməsi hidrogen rabitəsi hesabına reaksiyanın seçiciliyini təmin edir. Tək hidrogen rabitəsi deyil digər qeyri-kovalent garşılıqlı təsirlər - halogen və ya tetrel rabitələr də molekulların kristalloqrafik parametrlərini və xassələrini dəyişir.
Ataş Qurbanov ezamiyyət dövründə qarşıya qoyulan əsas məqsədin üzvü və koordinasion birləşmələrin katalitik, bioloji, fotokimyəvi və s. xəssələrini artırmaq ücün həmin molekulları qeyri-kovalent rabitə donor və ya akseptor saytlarla dizayn etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Məlum olub ki, dünyada bu elmi istiqamət aktual hesab olunur və kristal mühəndisliyi adı ilə tanınır. Ezamiyyət müddətində məruzəçi tərəfindən Clarivate Analytics agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda  2 icmal, 1 kitab fəsli, 36 məqalə və 19 tezis nəşr olunub.
Məruzələr dinlənildikdən sonra alınan mühüm elmi nəticələr geniş şəkildə müzakirə olunub, mövzu ətrafında çıxışlara yer verilib, fikir və təkliflər dinlənilib. Daha sonra ezamiyyət dövründə Kamran Mahmudov və Ataş Qurbanov tərəfindən görülmüş işlər bəyənilib, alınan mühüm elmi nəticələrin BDU-nun illik hesabatına daxil edilməsi üçün Elmi Şura qarşısında vəsatət qaldırılması qərara alınıb.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.