Ekologiya və torpaqşünaslıq fakültəsi
26/12/2017
BDU-da Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Həsən Əliyevin yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakı Dövlət Universitetində Ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş “Ekologiya: təbiət və cəmiyyət problemləri”mövzusunda III Beynəlxalq elmi konfranskeçirilib. Universtetin professor-müəllim və tələbə heyətinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbiri rektor, akademik Abel Məhərrəmov açıb. Alimin 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən silsilə tədbirlər keçirildiyini qeyd edən rektor akademik Həsən Əliyevin həyat və fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışıb. Azərbaycanda coğrafiya və torpaqşünaslıq elmlərinin müxtəlif sahələrinin təşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin bugünkü simasının müəyyənləşməsində Həsən Əliyevin xidmətlərindən bəhs edib və akademikin fəaliyyəti boyunca ətraf mühitin mühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadə üzrə kompleks proqram və silsilə layihələr həyata keçirdiyini söyləyib. Bildirib ki, əməkdar elm xadimi adına, Dövlət mükafatı laureatı, Vavilov adına medala da layiq görülən Həsən Əliyevin ən böyük mükafatı xalqının məhəbbətini qazanmaq olub. Alimin qoyduğu irsin, yaratdığı elmi məktəbin uğurla davam etdirildiyini bildirən rektor əlavə edib ki, bu gün onun tələbələri və aspirantları, kitablarından təbiəti, xalqı sevməyi öyrənən  minlərlə insan ildən-ilə çiçəklənən, inkişaf edən ölkəmizdə ekoloji mühitin saflaşdırılması, gələcək nəsillərə daha yaxşı  vəziyyətdə çatdırılması üçün Həsən Əliyev ənənələrini davam etdirmək əzmindədirlər.
“Elmi axtarışlarla keçən ömür” mövzusunda məruzə edənBakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının müdiri, akademik Qərib Məmmədov görkəmli alimin təbiətşünaslıq elmində, eləcə də ətraf mühitin mühafizəsi sahəsində xidmətlərindən danışıb. Bildirib ki, Həsən Əliyev bir sıra qurumlara rəhbərlik etdiyi müddətdə ciddi ictimai və pedaqoji fəaliyyətlə məşğul olmasına baxmayaraq, elmi potensialından da səmərəli istifadə edib, tədqiqatlarını uğurla həyata keçirib. BDU-nun Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı “Akademik Həsən Əliyevin həyat dərsləri” mövzusunda çıxışında  Həsən Əliyevin görkəmli alim, elm təşkilatçısı və ictimai xadim kimi fəaliyyətindən danışıb.
Daha sonra Təhsil Nazirliyi aparat rəhbərinin müavini Yaqub Piriyev, AMEA-nın Coğrafiya İnstitutunun laboratoriya müdiri İsmayıl Quliyev akademikin həyat və fəaliyyətindən, Azərbaycan elmi, ictimaiyyəti qarşısındakı əvəzsiz xidmətlərindən danışıb, xatirələrini bölüşüblər.
Sonda akademik Həsən Əliyevin oğlu, Azərbaycan Respublikasının əməkdar memarı Rasim Əliyev konfransın keçirilməsində əməyi olanlara minnətdarlığını bildirib və hər kəsi təbiəti sevməyə, qorumağa çağırıb.
Plenar iclasdan sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Qeyd edək ki, iki gün davam edəcək konfransda 300-dən çox məruzə dinləniləcək. Bölmənin sədrləri akademik Qərib Məmmədov, professor Şövqi Göyçaylı, professor Sevinc Hacıyeva və professor Nərminə Sadıqovadır.


http://bsu.edu.az/az/news/bduda_hsn_liyevin_yubileyin_hsr_olunmu_beynlxalq_elmipraktik_konfrans_keirilib

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.