Ekologiya və torpaqşünaslıq fakültəsi
17/11/2017
BDU-da akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq konfrans başlayıb

Bu gün Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, universitetin Analitik kimya kafedrasının professoru, Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş “Koordinasion Birləşmələr kimyası: analitik kimyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.
Sonra konfrans iştirakçıları görkəmli alim, akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə güllər qoyublar.
İkigünlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyeva böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşüb. Alimin həyat və fəaliyyətinin bəzi məqamlarına toxunan rektor qeyd edib ki, yarım əsrdən artıq elmi və pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Bu sahədə Rəfiqə xanım üzvi reaktivlərin köməyi ilə metal ionlarının ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, təyini və onların ayrılması metodikasının işləyib hazırlayıb, ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib. Onun rəhbərliyi ilə analitik kimyanın nəzəri və tətbiqi məsələlərinə həsr edilmiş çoxsaylı doktorluq və namizədlik dissertasiyası müdafiə edilib, Moskva Dövlət Universitetinin Analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş “Analitik kimyanın əsasları” 2 cilddə və “Analitik kimyadan məsələ və suallar” kitabları Azərbaycan dilinə tərcümə edilib və bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantların inkişafında mühüm rol oynayıb.
Daha sonra çıxış edən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin dekanı, akademik Valeri Lunin akademik Rəfiqə Əliyeva ilə BDU-da görüşündən danışıb, onun kimya sahəsində elmi məktəb yaratdığını vurğulayıb, kimyaçı alimlərin yetişməsində mühüm rolunu qeyd edib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev bildirib ki, bugünkü konfrans akademik Rəfiqə Əliyevanın şəxsiyyəti və elmi nüfuzu qarşısında hörmətin təzahürüdür. Azərbaycan kimya elmi tarixində Rəfiqə Əliyevanın özünəməxsus yer tutduğunu deyən D.Tağıyev onun elmi tədqiqatlarının sənayeyə tətbiqi imkanlarından bəhs edib.
Rusiya Elmlər Akademiyasının prezidiumunun üzvü, akademik Aslan Çeladze konfransın Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr edilməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, yalnız Rəfiqə Əliyeva kimi elmi məktəb yaratmış, beynəlxalq müstəvidə tanınan alimlərə həsr olunan belə konfranslar keçirilir. Bildirib ki, onun çoxsaylı tələbələri bu gün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir və uğurlar əldə edirlər.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Rəfiqə Əliyevanın qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva bildirib ki, Rəfiqə xanımın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən aldıqları bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər. Akademik Rəfiqə Əliyevanın elmi fəaliyyətinin nəticələri və irəli sürdüyü elmi konsepsiyaların dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildiyini deyən Sevinc Hacıyeva onun elmi məqalələrinin, əsərlərinin, dərsliklərinin elm və təhsilimiz üçün əvəzsiz töhfə olduğunu vurğulayıb
BDU-nun professoru Ülviyyə Həsənovanın moderatorluğu ilə davam edən plenar məruzələr dinləndikdən sonra bölmə iclasları öz işinə başlayıb. Konfrans öz işini iki gün davam etdirəcək və beş bölmədə 11 ölkədən gəlmiş iştirakçılar tərəfindən 182 elmi məruzə dinləniləcək.


http://bsu.edu.az/az/news/bduda_akademik_rfiq_liyevann_85_illik_yubileyin_hsr_olunan_beynlxalq_konfrans_balayb

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.