Ekologiya və torpaqşünaslıq fakültəsi
16/09/2019
Bakı Dövlət Universitetində (BDU) Bilik Günü keçirilib

Bakı Dövlət Universitetində (BDU) Bilik Günü keçirilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri rektor Elçin Babayev açaraq Azərbaycan ali təhsil ocaqlarının flaqmanı olan 100 yaşlı Bakı Dövlət Universitetinin birinci kurs tələbələrini və onun nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinə qəbul olan şagirdləri təbrik edib. “Siz həyatınızın mühüm bir mərhələsinə qədəm qoyursunuz. Universitetin 100 yaşının tamam olduğu ildə onun bir üzvünə çevrilirsiniz. Bunu sonralar dəyərləndirəcək, xatirələrinizdə yaşadacaqsınız”, - deyən rektor yüzüncü ilin birincilərinə universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib. Rektor tələbələrin təhsilə başladıqları bu gündən etibarən savadlı, bilikli, elmli, bacarıqlı bir mütəxəssis kimi yetişəcəklərinə, ölkəmizin tərəqqisində, cəmiyyətin inkişafında mühüm rol oynayacaqlarına, fəaliyyətlərində vətənpərvərlik və dövlətçilik prinsiplərini əsas tutacaqlarına, Bakı Dövlət Universitetinin adına hər zaman şərəf və şöhrət gətirəcəklərinə əminliyini ifadə edib. Universitetin respublikamız və əksər dünya dövlətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırladığını vurğulayaraq həmin məzunlar arasında dünya elminə, mədəniyyətinə, siyasətinə təsir göstərmək qüdrətinə malik yüzlərlə tarixi şəxsiyyətlər arasında ümummilli lider Heydər Əliyev xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Noyabr ayında Bakı Dövlət Universitetinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd ediləcəyini bildirən rektor yubiley tədbirlərinin indiyədək UNESCO-nun Parisdəki Baş qərargahında və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini, çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu da fikirlərinə əlavə edib.
Bu il ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarından danışan rektor  ən çox tələbə qəbulunun Bakı Dövlət Universitetinin payına düşdüyünü, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayının 6462 nəfər təşkil etdiyini bildirib. Məlum olub ki, həmin tələbələrdən 5127 nəfər bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə magistraturaya qəbul olunub. Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri Bakı Dövlət Universitetini seçib.
“Gənc istedadlar” liseyi haqqında məlumat verən rektor Elçin Babayevin sözlərinə görə bu il liseyi bitirən 48 məzundan 16 nəfəri 600-dən yuxarı bal toplayıb, 3 nəfər Prezident təqaüdünə, 6 nəfər qızıl, 1 nəfər gümüş medala, 6 nəfər fərqlənmə attestatına layiq görülüb.
Tədbirdə BDU-nun professor-müəllim heyəti adından professor Ülviyyə Həsənova, tələbələr adından isə Tarix fakültəsinin tələbəsi Jalə Vəliyeva çıxış ediblər.
Sonra hər fakültədən ən yüksək bal toplamış 2 tələbəyə tələbə vəsiqəsi və korporativ elektron poçt ünvanı, 660 baldan yuxarı nəticə göstərmiş 33 tələbəyə isə YAP Yasamal rayon Təşkilatının hədiyyəsi təqdim edilib.
Bilik günü rektorun birinci kurs tələbələri ilə BDU-nun həyətində çiçəklərin əkilməsi mərasimiylə başa çatıb.
Tədbir boyunca hərbi orkestr mahnılar ifa edib.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.