Ekologiya və torpaqşünaslıq fakültəsi
26/10/2011
Azərbaycanın milli parkları XXI əsrdə

“EkoSfera” Sosial-Ekoloji Mərkəzi, Bakı Dövlət Universitetinin ekologiya və torpaqşünaslıq fakültəsinin Bioekologiya kafedrası ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə 8-9 oktyabr 2011-ci il tarixində gənclər üçün "XXI əsrdə milli parklar: davamlı inkişafa və Azərbaycanın bioloji və etnomədəni müxtəlifliyinin mühafizəsinə qlobal dəyişikliklər kontekstində töhfə” mövzusunda elmi-praktik seminar keçirib. Tədbir 6 oktyabrda qeyd olunan Ümumdünya Yaşayış Məskənlərinin Qorunması Günü münasibətilə təşkil olunub. Ümumdünya Yaşayış Məskənlərinin Qorunması Günü 1979-cu ildə Berndə vəhşi fauna və floranın və təbii yaşayış məskənlərinin qorunması Konvensiyası çərçivəsində təsdiq olunub. Bu sənəd Azərbaycan Respublikası tərəfindən 28 noyabr 1999-cu il tarixində ratifikasiya edilib. Bu günün ümumdünya səviyyəsində qeyd olunmasında əsas məqsəd bəşəriyyətin diqqətini Yer kürəsi sakinlərinin yaşayış məskənləri mühitinin qorunması probleminə cəlb etməkdir. Yaşayış məskənlərinin qorunmasının bir forması da xüsusi mühafizə olunan  təbii ərazilər (XMOTƏ) şəbəkəsinin yaradılmasıdır. Hazırda ölkə ərazisinin 10,1%-i XMOTƏ-yə daxildir: bu çərçivədə 11 qoruq, 8 milli park və 24 yasaqlıq fəaliyyət göstərir. İki günlük seminarda iştirak etmək üçün BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin tələbə və magistrantları və gənclərin ekoloji təşkilatlarının fəalları dəvət olunmuşdular. Seminarın birinci günü Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılmış Etno-Ekoloji Gənclər Mərkəzində keçirilib. Tələbələrin və könüllülərin milli parklarda elmi-tədqiqat fəaliyyətinə xüsusi diqqət yetirilib. BDU-nun Bioekologiya kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Nərminə Sadıqova çıxış edərək yeni ekologiya və torpaqşünaslıq fakültəsinin fəaliyyətini təqdim edib. Seminarı giriş sözü ilə Sosial-Ekoloji Mərkəzin rəhbəri, Bioekologiya kafedrasının dosenti Firuzə Sultanzadə açıb.  O, öz çıxışında xüsusi olaraq qeyd edib ki, “ətraf mühitə insan təsirinin çoxalmasının intensivliyi ilə bağlı olan müasir proseslər və onun transformasiyası müxtəlifliyinin artması təbiətin və bütün canlıların yaşayış arealının mühafizəsi problemini ən aktual problemlərdən biri kimi qabardır. İnsanlar tərəfindən biosferin transformasiyası prosesi qaçılmaz olduğundan ayrı-ayrı landşaftların və qlobal təbii ərazilərin dəyişməsi planetin ekoloji və estetik görünüşünün xeyli dərəcədə dəyişməsinə gətirib çıxarır. Bu baxımdan əhalini maarifləndirmək lazımdır ki, ekologiyanın gələcəyini və davamlı təsərrüfatçılığın perspektivlərini bugünkü qısamüddətli mənfəətlərinə qurban verməsinlər. Aydındır ki, bu, ekoloji təhsilin ümumi problemidir və onun həllinə xüsusi qorunan təbii ərazilər əhəmiyyətli töhfəsini verməlidir. Təbiətin davamlı transformasiyası, ilk növbədə, milli parklar və qoruqlar kimi ekosistemlərin qorunması və istifadəsi formaları ilə bağlı olmalıdır. Milli parklar qarşısında qoyulmuş məqsəd və vəzifələr planetimizin elmi, ekoloji, iqtisadi və sosial problemlərini əks etdirir. Onların məhz bu xüsusiyyəti tamamilə yeni bir formada - insan həyat və fəaliyyətinin aktual tərəflərinin inteqrasiyasını təcəssüm edir. Qoruqlar və milli parklar Azərbaycanın ekoloji karkasının əsası olaraq qaldığından onların elmi potensialını inkişaf etdirmək, o cümlədən tədqiqat və maarifçilik fəaliyyətini davam etdirmək lazımdır. Bu məsələdə ali təhsil müəssisələrinin gənc mütəxəssisləri və tələbələri, ekoloji təşkilatlar fəal kömək edə bilərlər".Günün birinci yarısında ekologiya fəalları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Nigar Abdurəhmanovanın, "Cənubi Qafqazda bioloji müxtəlifliyin davamlı idarə edilməsi" GİZ proqramının rəhbəri Kristian Gonnerin, WWF Bakı ofisinin direktoru Elşad Əsgərovun, Turizm İnstitutunun məsləhətçisi Gily Altmannın ekspert hesabatları və təqdimatları ilə tanış olublar. Günün ikinci yarısında tələbələrin və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin mütəxəssislərinin hesabatları dinlənilib. Sonra isə tələbələrdən və ekspertlərdən ibarət işçi qruplar fəaliyyətə başlayıb. Debat zamanı gənclərin işçi qrupları qorunan ərazilərdə bioloji müxtəlifliyin, təbii, tarixi və mədəni komplekslərin mühafizəsinə yönəlmiş elmi-tədqiqat fəaliyyətinin aparılmasına xüsusi diqqət yetiriblər. Qeyd edilib ki, tələbələrin və gənc mütəxəssislərin tədqiqat işləri XMOTƏ ilə uzunmüddətli kompleks elmi araşdırmalar əsasında aparılmalıdır. Buraya geoloji-coğrafi, resurs-bioloji, tarixi-mədəni, sosial-iqtisadi, ekoloji-rekreasiv, informativ -metodiki tədqiqat növləri daxil edilməlidir. Ekoloji maarifçilikdə, təbiətin və yaşayış məskənlərinin qorunmasının təbliğində fəallıq nümayiş etdirən gənclərin köməyi də müzakirə edilib. Gənclərin etno-ekoturizm inkişafı məsələsi xüsusi maraq kəsb edib. Bununla da müvafiq işçi grup sentyabr ayının sonunda - Ümumdünya Turizm Günündə keçirilən "Gənclərin mövqeyi: Azərbaycanda ekoloji və mədəni turizmin inkişafı. Ot üstündə disput”da gedən müzakirələrini davam etdirib. Oktyabrın 9-da isə seminar iştirakçıları Şirvan Milli Parkı timsalında XMOTƏ -lərin işi ilə praktiki olaraq tanış olublar. Onlar ekoloji marşrutlardan biri ilə hərəkət edərkən Firuzə Sultanzadə onları bu milli parkın ərazisində təbiətin şərhi proqramı ilə tanış edib. Təbiət şərhinin əsaslarının başa düşülməsi və ziyarətçilər üçün biomüxtəlifliyin qorunmasının maraqlı izah metodu “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin ekspertləri ilə birgə öyrənilib. Bu, ətraf mühitin mühafizəsində Azərbaycan üçün yeni istiqamət və davamlı inkişafın idarəetməsi üçün vasitələrdən biridir. Təbiət şərhinin müasir anlayışı mənanın mədəni, tarixi, təbii və rekreasiya resursları ilə əlaqəsini açıqlayan bir prosesidir. Sonda gənc seminar iştirakçıları Azərbaycanın xüsusi qorunan təbiət ərazilərinin fəaliyyətinin dəstəklənməsinə və onların təbliğinə aid yekun sənəd  qəbul ediblər. Seminarın devizi BDU-nun ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs tələbələrindən birinin bu sözləri olub: "Biz Azərbaycan gənclərini güclənən ictimai ekoloji hərəkatı fəal dəstəkləməyə çağırırıq! Yalnız birlikdə, hər birimizin fəal fəaliyyəti ilə biz gələcək nəsilləri sağlam ətraf mühit və təbii nemətlərlə təmin edə bilərik!"

Mətbuat və informasiya şöbəsi, 26 oktyabr 2011-ci il.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.