Ekologiya və torpaqşünaslıq fakültəsi
30/11/-0001
Alternativ enerji mənbələri

alternativ enerji menbeleri photo 2

Son dövrlərdə dünya ölkələri özlərinin yanacaq – energetik balansına yeni enerji mənbələrinin cəlb edilməsinə çalışırlar. Bu yarışda külək, günəş, dalğa, qabarma – çəkilmə, kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ (bərpa olunan) enerji mənbələrinin potensial imkanları sonsuzdur. Onların ekoloji təmizliyi heç kəsdə şübhə doğurmur.

Bir tərəfdən, bu enerji mənbələrinin təsərrüfat dövriyyəsinə qatılması üzvi (neft – qaz, torf, daş kömür, odun və s.) yanacaqların istifadəsini azaldır, enerjiyə qənaət edir, ekoloji şəraiti yaxşılaşdırır. Digər tərəfdən, müasir dövrdə dünya ictimaiyyətini narahat edən suallardan biri də budur ki, bəşəriyyət enerjiyə getdikcə artan tələbatı necə ödəyəcək? Hətta enerji böhranı həll edilsə belə, dünya gec – tez bu problemlə – bərpa olunmayan enerji mənbələri olan neft, qaz, daş kömürün tükənməsi problemi ilə  üz-üzə dayanacaq. Bu mənbələrdən nə qədər aktiv istifadə ediriksə, onlar bir o qədər azalır və bahalaşır. Hesablamalara görə hələ bu günkü istismar tempi ilə daş kömür 400 – 500, neft və qaz isə maksimum 100 ilə çatacaq. Digər tərəfdən, Yer təkinin istismarı və yanacağın yandırılması planeti eybəcərləşdirir, onun ekologiyasını getdikcə pisləşdirir. Başqa sözlə, bəşəriyyət qarşısında ekoloji təmiz, bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi getdikcə aktuallaşır. Bunların içərisində yalnız günəş və külək enerjisi, bioloji resurslar tükənməz və təbiətə tam təsirsizdir.

Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır.

Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir. Göründüyü kimi qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır:yanacaq mənbəyinin bərpa olunan olması; verilmiş ərazidə mövcudluğu.

Qeyri – ənənəvi (alternativ) bərpa olunan enerji mənbələri aşağıdakılardır:

  • Biokütlə enerjisi (bioqaz);
  • Külək enerjisi;
  • Günəş enerjisi;
  • Hidroelektrik enerjisi;
  • Geotermal enerji;
  • Dalğa enerjisi;
  • Nüvə parçalanmasından yaranan enerji;
  • Termonüvə sintezi enerjisi;
  • Hidrogen yanacağı enerjisi;
  • Qabarma-çəkilmə enerjisi;
  • Dünya okeanının termik enerjisi;

Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə tükənməz enerji potensialı baxımından əlverişli imkanlara – bərpa olunan təbii sərvətlərə malikdir. Günəş enerjisindən istifadə sahəsində 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferdə karbon qazını 23 min ton azaltmaq olar. Ölkəmizdə külək enerjisinin illik potensial gücü 800 Mvt, başqa sözlə, 4 mlrd kvt/saat tərtibindədir. Bu da öz növbəsində ildə 1 milyon ton şərti yanacağa, 3.7 mln. ton karbon qazına qənaət deməkdir. Bundan əlavə respublika bioqaz, termal sular və dəniz dalğası kimi digər qeyri-ənənəvi enerji ehtiyatlarına malikdir.

Yuxarıda qeyd edildiyi kimi, alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının   çatışmadığı rayonlarda daha perspektivlidir. Azərbaycanda bu tip yerlər ucqar dağ kəndləri və dağlıq ərazilər, xüsusi mühafizə olunan təbiət əraziləri ola bilər. Azərbaycanın demək olar ki, bütün əraziləri zəngin alternativ enerji resurslarına malikdir. Ölkəmizin cənub rayonları və Naxçıvan çox yüksək günəş enerjisi resurslarına malikdir. Dəniz neftçıxarma sahələrində, dənizçilikdə, Şirvan Milli Parkı və Ağgöl dövlət təbiət qoruğuna dalğa energetikası effektiv tətbiq oluna bilər. Abşeron-Qobustan ərazisi yüksək külək energetikası potensialına malikdir.

Azərbaycanda bu imkanlar artıq diqqət mərkəzinə çevrilməkdədir. Azərbaycan Respublikasının Prezidentinin 21.10.2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə dövlət proqramı” vardır.Alternativ enerji mənbələrindən istifadə edilməsi ölkəmizdə istilik elektrik stansiyalarında yandırılan yanacağa qənaət edəcək, ətraf mühitə atılan zərərli tullantıların miqdarını azaldacaq, insanlara əlavə qazanc gətirəcəkdir.

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.