Ekologiya və torpaqşünaslıq fakültəsi
23/09/2019
Akademik Rəfiqə Əliyevanın xatirəsi anılıb

Sentyabrın 20-si Azərbaycanın tanınmış kimyaçı alimi, akademik, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Rəfiqə Əliyevanın anadan olmasının 87-ci ildönümü tamam olur.
Görkəmli alimin ailə üzvləri, elm adamları, ictimaiyyət nümayəndələri sentyabrın 20-də Fəxri xiyabana gələrək Rəfiqə Əliyevanın xatirəsini yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.
Mərhumun qızı, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova AZƏRTAC-a müsahibəsində deyib: “Sentyabrın 20-si həm ailəmiz, həm də Azərbaycanın elm tarixi üçün çox əlamətdar bir gündür. Rəfiqə xanımı yad edəndə xoş xatirələr yada düşür. Analitik kimya sahəsində Azərbaycanda ilk və yeganə qadın akademik olan Rəfiqə Əliyeva böyük elmi nailiyyətlər əldə edib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanım elmə böyük töhfələr verib. Bütün ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksəkixtisaslı kadrlar hazırlayıb. Rəfiqə xanımın zəngin elmi irsini hazırda tələbələri davam etdirir. Onlar dünyanın bir sıra ölkələrində fəaliyyət göstərir, elmin inkişafına töhfələr verirlər. Övladlarının bir şəxsiyyət kimi formalaşmasında Rəfiqə xanımın böyük dəstəyi olub. O, yalnız övladlarına deyil, həm də tələbələrinə, onu tanıyanlara qayğı ilə yanaşıb. Rəfiqə xanım alim və qayğıkeş müəllim olaraq onu tanıyan hər kəsin xatirəsində yaşayır”.
Qeyd edək ki, Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsində alıb. 1957-ci ildən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə universitetin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifidir. Alimin rəhbərliyi ilə 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.
Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin Sərəncamı ilə o, “Əməkdar elm xadimi” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2005-ci ildə Bakı Dövlət Universitetinin təsis etdiyi “İlin alimi” fəxri adına layiq görülüb. Onun ekologiyaya və ümumi ekologiyaya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilib.
Görkəmli alim, həssas qəlbli insan, qayğıkeş ana Rəfiqə xanım Əliyevanın əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq və gənc nəsil onun yaratdığı elmi istiqaməti davam etdirəcək.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.