Ekologiya və torpaqşünaslıq fakültəsi
07/05/2018
Akademik Rəfiqə Əliyevanın qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib

Bu gün görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə Əliyevanın I Fəxri xiyabanda qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdə mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimi giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Görkəmli alimin Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərdiyini, analitik kimya sahəsində ilk qadın akademik kimi elmi məktəb formalaşdırmağa nail olduğunu, bu məktəbin yetirmələrinin hazırda kimya elminə öz töhfələrini verdiklərini vurğulayıb. Akademik Rəfiqə Əliyevanın böyük nəslin layiqli nümayəndəsi olduğunu deyən rektor onun kiçikdən böyüyə hamıya - tələbələrə, müəllimlərə, tədqiqatçılara xeyirxah münasibətilə fərqlənən gözəl insan kimi xidmətlərindən danışıb.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, millət vəkili Elmira Axundova, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, millət vəkili Rəfael Hüseynov, Azərbaycanın əməkdar memarı Rasim Əliyev, tanınmış Azərbaycan heykəltəraşı, xalq rəssamı Natiq Əliyev çıxış edərək akademik Rəfiqə Əliyevanın dəyərli alim, xeyirxah insan kimi əməllərindən danışıb, onun haqqında xatirələrini bölüşüblər.
Sonda mərhumun ailəsi adından çıxış edən qızları - Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva mərasim iştirakçılarına təşəkkür ediblər.
Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il mayın 6-da ömrünün 85-ci ilində vəfat edib. Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001-ci ildən yaradıcısı olduğu Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasına rəhbərlik edib. Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib.


http://bsu.edu.az/az/news/akademik_rfiq_liyevann_qbirst_abid_kompleksinin_al_mrasimi_keirilib

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.