Ekologiya və torpaqşünaslıq fakültəsi
07/04/2017
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür
Bu il Ümumdünya Səhiyyə Təşkilatının yaranmasının 60-cı ildönümü qeyd olunur. Bu xüsusi münasibətlə ÜST son 60 il ərzində qlobal ictimai səhiyyə sahəsində əldə etdiyi nailiyyətləri qeyd etmək, ÜST tərəfindən həyata keçirilmiş işlərin təsirini nümayiş etdirmək və gələcəkdə qarşıda duran problemləri hədəfə götürmək imkanına malik olacaq.
Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır. 
2008-ci ildə qeyd olunan Ümumdünya Səhiyyə Gününün əsas müzakirə hədəfi insan sağlamlığının iqlim dəyişikliyinin zərərli təsirlərindən qorumaq zərurətidir. ÜST, iqlim dəyişikliyinin qlobal ictimai səhiyyə üçün getdikcə daha çox təhlükə yaratdığına görə bu mövzunu seçmişdir.
Sağlamlığın iqlim dəyişikliyinin təsirindən qorunması” mövzusu sağlamlıq məsələsini iqlim dəyişikliyi haqqında qlobal dialoqun əsas müzakirə hədəfinə çevirir. Əməkdaşlığı artırmaqla dünya ictimaiyyəti bütün dünyada iqlimin dəyişməsi nəticəsində sağlamlıqla bağlı yaranmış problemlərin öhdəsindən gəlməyə daha hazırlıqlı olacaq.
Artıq Avropada iqlim dəyişikliyi baş verir. Bu gün cəmiyyətin bütün qrupları iqlim dəyişikliklərinin, qeyri-sabitliyinin və kəskin hava şəraitinin təsirinə məruz qalır. İnsan sağlamlığına olan təsirlər artıq ÜST-nın Avropa Regionunda müşahidə olunmuşdur. 12 Avropa ölkəsindən alınmış məlumatlara əsasən 2003-cü ilin yayında havaların həddən artıq isti keçməsi nəticəsində 70000 nəfərdən artıq insan ölmüşdür. Müqayisə üçün qeyd etmək lazımdır ki, ötən beş il ərzində yalnız bir həyəcandoğurucu hal baş vermişdir.
Temperatur yüksəldikcə sağlamlığa olan təsirlərin artacağı ehtimalı var. Buna baxmayaraq, səhiyyə ilə bağlı sektorlarda nəqliyyat və su ehtiyatlarının idarə olunması kimi tədbirlərin həyata keçirilməsi ilə həmin təsirlərin çoxunun qarşısının alınması və ya nəzarət altında saxlanılması mümkündür.
İndi tədbir görülməlidir!
Ölkələr nə qədər tez tədbir görərsə, onun bəhrəsi bir o qədər çox, çəkilən xərclər isə bir o qədər az olar. Təsirlərin azaldılmasına yönəlmiş güclü tədbirlər, yəni istixana qazlarının toplanmasını dayandırmaq (təsiri azaltmaq) və iqlim dəyişikliyini ləngitmək məqsədilə qoyulan sərmayələr son nəticədə sağlamlıq üçün faydalı olacaq. Ölkələr öz vətəndaşlarına yeni təhlükələrin öhdəsindən gəlməkdə kömək etmək məqsədilə təsirlərin azaldılması üçün uyğunlaşdırma tədbirləri də planlaşdıra bilər.
Ümumdünya Sağlamlıq Günü
1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq Ümumdünya sağlamlıq günü hər il 7 aprel tarixində qeyd edilir. Hər il Ümumdünya Sağlamlıq Gününün mövzusu ÜST üçün prioritet sayılan bir problemi diqqət mərkəzinə gətirir. Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) haqqında
Ümumdünya Səhiyyə Təşkilatı Birləşmiş Millətlər Təşkilatının səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılmışdır. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. Sağlamlıq ÜST-ün Nizamnaməsində yalnız xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial sağlamlıq vəziyyəti kimi müəyyən olunur.
ÜST özünün Ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 Üzv Dövlət tərəfindən idarə olunur. Bu Assambleya ÜST-ə Üzv Dövlətlərdən olan nümayəndələrdən ibarətdir. Ümumdünya Səhiyyə Assambleyasının əsas vəzifəsi ÜST-ün proqramı və növbəti ikiillik müddət üzrə büdcəsinin təsdiqi və siyasət məsələləri üzrə qərarların qəbul edilməsidir.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Marqaret Çanın müraciəti
İqlim dəyişikliyi yaşadığımız dövrün ən böyük problemlərindən biridir. İqlim dəyişikliyi sağlamlığın ən vacib ünsürləri olan ərzaq, hava və suya təsir etməklə özünü ən kəskin, xoşagəlməz hallarla büruzə verəcək. Bu problemin müqabilində bütün dünyada iqlim dəyişikliyi sahəsində insan sağlamlığının müdafiəsini əsas hədəfə çevirən mübariz insanlara ehtiyacımız vardır.
Hər il aprelin 7-də qeyd olunan Ümumdünya Səhiyyə Günü dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün yeganə imkandır. Bu il qeyd olunan Ümumdünya Səhiyyə Gününün əsas müzakirə hədəfi insan sağlamlığının iqlim dəyişikliyinin zərərli təsirlərindən qorumaq zərurətidir. Ümumdünya Səhiyyə Günü ilə əlaqədar tədbirlər təşkil edərək öz üzərinizə götürdüyünüz öhdəliyi nümayiş etdirməklə yanaşı, hər kəsin sağlamlıq haqqında məsələlər və qarşıya qoyulan məqsədlərə çatmağın təxirəsalınmazlığı barədə məlumatlandırılması istiqamətində 2008-ci ili əhəmiyyətli il edə bilərsiniz. Eyni zamanda həm iqlimin sabitləşdirilməsi həm də insanların mənfi təsirlərdən qorunması istiqamətində əsaslı dəyişikliklərə hər dəfə yeni enerji vermək və tərəfdaşların sayını artırmaq üçün hər bir tədbirə və hər bir səsə ehtiyac duyulur.
Biz, qeyri-sabit və dəyişkən iqlimin sağlamlığa necə təsir göstərdiyini bilirik. Havaların kəskin istiləşməsi, fırtınalar, daşqınlar və quraqlıqlar hər il on minlərlə insanın həyatına son qoyur. İqlim dəyişikliyinə həssas olan ishal, malyariya və zülal-enerji çatışmazlığı kimi xəstəliklər artıq 3 milyondan çox insanın ölümünə səbəb olmuşdur. Hətta bu rəqəmlər də dünyanın geniş ərazilərində iqlim dəyişikliyinin ərzaq məhsullarına və içməli suya vura biləcəyi dolayı və sarsıdıcı ziyanı əks etdirmir. Bütün insanlar iqlim dəyişikliyinə qarşı həssasdırlar, lakin onların içərisində ilk və ən çox zərbə alan az təminatlılardır. İqlim dəyişikliyi yoxsulluqdan irəli gələn xəstəliklər ilə mübarizədə əldə etdiyimiz inkişafın geriləməsi və varlılar ilə kasıbların sağlamlıq göstəriciləri arasındakı fərqi dərinləşməsi təhlükəsi yaradır. Bu ədalətsiz və qəbulolunmazdır.
Bunun üçün nə etmək olar? Sürətlə dəyişən ətraf mühitdə yalnız heyvanların və bitkilərin deyil, insanların da müdafiəyə ehtiyacı olduğu aydın şəkildə ifadə olunmalıdır. Biz çalışmalıyıq ki, hökumətlər insan sağlamlığı və rifahını iqlim dəyişikliyi siyasətinin əsas mövzusuna çevirsinlər və Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla sağlamlığın qorunması istiqamətində etdikləri cəhdləri yeniləsinlər. Biz çalışmalıyıq ki, səhiyyə nazirlikləri iqlim dəyişiklikləri ilə bağlı problemləri həll etmək və öz ölkələrinin əhalisinin sağlamlığını qorumaq məqsədilə ictimai səhiyyə siyasətini və praktikasını gücləndirsinlər. Ən əsası isə ayrı-ayrı vətəndaşlar özləri həm sağlamlığın səviyyəsinin artmasına həm də iqlim dəyişikliyinin azalmasına imkan verəcək seçim etməlidir.
2008-ci il Ümumdünya Səhiyyə Günü yalnız problemin əhəmiyyətinə xüsusi diqqətin ayrılmasını deyil, eyni zamanda problemin həllinə kömək göstərmək üçün bütün maraqlı tərəflərin bir araya gətirilməsi imkanını yaradır.
İqlim dəyişikliyi ilə bağlı meydana çıxan problemləri yalnız birgə fəaliyyət göstərən insanlar və millətlər həll edə bilər. Hansı tədbiri təşkil etmək qərarına gəlməyinizdən və büdcənizin nə dərəcədə az olmasından asılı olmayaraq biz ümid edirik ki, bu vəsait fəaliyyətinizdə maksimum nəticələrə nail olmaq üçün sizə kömək edəcəkdir.
Artıq hökm məlumdur. İqlim dəyişikliyi realdır. Bunun başlıca səbəbi insan fəaliyyətidir. Eyni zamanda insan fəaliyyəti bu problemin həll yolu da ola bilər. Biz məhz elə indi və birlikdə fəaliyyət göstərməliyik ki, bəşəriyyətin sağlamlığını və planetdə yaşayan insanları qorumağın yollarını tapaq. Sizin göstərdiyiniz hər bir cəhd işin xeyrinə olacaqdır. Gəlin 2008-ci il Ümumdünya Səhiyyə Günü ”Sağlamlığın iqlim dəyişikliyinin təsirindən qorunması”-nı həqiqi qlobal fəaliyyət üçün meydan açacaq və dönüş yaradacaq tədbirə çevirək.
Dr. Marqaret Çan
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru

Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.