Ekologiya və torpaqşünaslıq fakültəsi
05/03/2022
Rusiyanın “Молодой ученый” beynəlxalq elmi jurnalının növbəti nömrəsi akademik Rəfiqə Əliyevaya həsr olunub

Rusiya Federasiyasının “Молодой ученый” beynəlxalq elmi jurnalının 2022- ci il üçün fevral nömrəsi kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), "Şöhrət" ordeni laureatı, əməkdar elm xadimi Rəfiqə Əliyevaya həsr olunub. Jurnalda Rəfiqə Əliyevanın həyat və elmi fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Məlumatda qeyd olunub ki, professor Rəfiqə Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilib və onların fotometrik reagent kimi tətbiq edilməsi təklif olunub. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlıq hesablanıb və alınan nəticəyə əsasən, bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılıb. Professor Rəfiqə Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparıb. O, ilk dəfə olaraq qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürüb.  Rəfiqə Əliyeva təcrübi faktların analizinə əsasən müəyyən edib ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə edilən üçüncü komponent metala koordinasiya edəndə kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur.

Professor Rəfiqə Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanıb.

Rəfiqə Əliyeva Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Əməkdar elm xadimi” adı, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Yusif Məmmədəliyev adına mükafat alıb. O, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfin¬dən “2001-ci ilin adamı” və “2001-ci ilin işgü¬zar qadını” seçilib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı və Heydər Əliyev adına mükafatına layiq görülüb. Dünya Azərbaycan Qadınları Birliyinin fəxri sədri və Analitik kimya ixtisası üzrə Azərbaycanda ilk qadın akademik olub.

“Молодой ученый” beynəlxalq elmi jurnalı 2008-ci ildən Rusiyanın Kazan şəhərində nəşr olunur. Gənc alim və tədqiqatçıların elmi işlərinin nəticələri məqalələr şəklində bu jurnalda ayda iki dəfə dərc edilir. “Молодой ученый”  beynəlxalq elmi jurnalı elibrary.ru portalında yerləşdirilib. Jurnal Ulrich's Periodicals Directory beynəlxalq dövri nəşrlər kataloquna daxildir və bütün jurnal məqalələri “Google Scholar” sistemi (“Google Academy”) tərəfindən indekslənir.

“Молодой ученый” beynəlxalq elmi jurnalı açıq girişli (open access) resenziyalı nəşrdir. BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının professor- müəllim heyətinin, doktorant və magistrantlarının elmi əsərləri mütəmadi olaraq bu jurnalda çap olunur.

“Молодой ученый” elmi jurnalının hər nömrəsinin üz qabığında dünya şöhrətli alim, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin şəkilləri, birinci səhifəsində isə həmin adamlar haqqında məlumat verilir.

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.