Ekologiya və torpaqşünaslıq fakültəsi
31/05/2021
Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri İsmayıl Əliyevin növbəti məqaləsi Beynəlxalq elmi-praktik konfransın toplusunda dərc edilib

Bakı Dövlət Universitetinin HFT kafedrasının müdiri, professor İsmayıl Əliyevin və Nəzəri fizika kafedrasının dosenti Məcid Qocayevin birgə təqdim etdikləri “Ekoloji siyasətin Azərbaycan modeli” (Azerbaydjanskaya model ekoloqiçeskoy politiki) adlı məqalə Rusiya Federasiyasının Elm və ali təhsil, Təbii resurslar və ekologiya nazirlikləri, Komsomolsk-on-Amur Dövlət Universiteti və Komsomolsk-on-Amur şəhəri rəhbərliyinin təşkilatçılığı ilə keçirilən “Uzaq Şərq baharı – 2021” (Dalnevostoçnaya Vesna – 2021) 19-cu Beynəlxalq elmi-praktik konfransın toplusunda dərc edilib.
AZƏRTAC xəbər verir ki, altı bölmə üzrə 120 məqalənin dərc olunduğu konfransın məcmuəsi texnosfer təhlükəsizlik və ekoloji problemlərin həlli üzrə kadr hazırlığı məsələlərinə həsr edilib. Konfransın əsas missiyası – enerji və ekoloji problemlərin həllinə sivil yanaşmaları müzakirə etmək, alim və mütəxəssislərin, gənc tədqiqatçıların bəşəriyyətin sözün geniş mənasında təhlükəsizliyini – mənəvi, fiziki, sosial, iqtisadi və ekoloji rifahını şərtləndirən keyfiyyətli təbii, texnogen və sosial mühit haqqında fikirlərini cəmiyyətə çatdırmaq olub.
Konfransa təqdim etdikləri materialda professor İsmayıl Əliyev və dosent Məcid Qocayev əsas diqqəti “Ekologiya, sabit inkişaf və sağlamlıq” əsri elan edilən XXI əsrdə bəşəriyyəti narahat edən ekoloji problemlərin həllinin ölkələrin beynəlxalq əməkdaşlığı çərçivəsində həyata keçirilməsi ilə yanaşı, regional aspektlərin də nəzərə alınmasının vacibliyini göstəriblər. Ümummilli lider Heydər Əliyevin “...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...” tarixi sözlərinə sadiq qalaraq Azərbaycanın bütün sahələrdə olduğu kimi, qlobal ekoloji problemlərin həllində də beynəlxalq qərar və konvensiyalara etibarlı tərəfdaş çıxmaqla yanaşı, ölkə rəhbərliyinin fərman və sərəncamları ilə tənzimlənən “Ekoloji siyasətin Azərbaycan modeli”ni uğurla həyata keçirdiyi xüsusi vurğulanıb.
Məqalə təbii, tükənən mənbələr hesabına elektrik enerjisinin istehsalı və istehlakı zamanı ekoloji tarazlığın pozulması nəticəsində yaranan qlobal ekoloji problemlərin həllində yaşıl enerjinin (alternativ və ya bərpa olunan enerji) vacibliyinə həsr olunub. Məqalədə zəngin yeraltı və yerüstü sərvətlərə malik olan ölkəmizdə yaşıl enerji mənbələrindən istifadə edilməsi sahəsində görülən tədbirlər və perspektiv planlar şərh olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad edilmiş Qarabağ bölgəsinin 6 rayonunda günəş və külək elektrik stansiyalarının tikintisi üçün potensiallı ərazilərin müəyyən edildiyi, Azərbaycanın çox güclü küləklərin olduğu Kəlbəcər-Laçın zonasında külək stansiyalarının, günəş şüalarının daha çox və keyfiyyətli düşdüyü Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyalarının qurulmasının planlaşdırıldığı, hidroenergetika potensialına malik Kəlbəcər-Laçın zonasında bu istiqamətdə görüləcək işlər diqqətə çatdırılıb. Məqalədə Yaxın gələcəkdə Qarabağda yaşıl enerji zonasının yaradılması və ölkəmizin alternativ enerji ixrac edən ölkəyə çevrilməsi imkanları müzakirə edilib.

https://azertag.az/xeber/Ekoloji_siyasetin_Azerbaycan_modeli-1794151

Bookmark and Share
Məqalələr
7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

Hər il aprel 7-də keçirilən Ümumdünya Səhiyyə Günündə Ümumdünya Səhiyyə Təşkilatının yaranması qeyd olunur və həmin gün dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltmək üçün bir imkandır.

22 Mart Dünya su Günüdür

22 Mart tarixi, 1993-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Kabinetində elan edildiyindən bu yana Dünya Su Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası, 1992-ci ildə Rio de Janerioda təşkil edilən BMT Ətraf və İnkişaf Konfransında dünyada suyun gedərək artan əhəmiyyətindən ötəri hər il 22 Mart gününün "Dünya Su Günü" olaraq qeyd olunmasına qərar verilmişdir.

Azərbaycan Respublikasının meşələri

Bioloji cəhətdən öz inkişafında bir-birinə qarşılıqlı təsir göstərən torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunur.

Azərbaycanın çayları, gölləri və su anbarları

Azərbaycan ərazisinin fiziki-coğrafi şəraitinin müxtəlifliyi, relyefin və iqlimin xüsusiyyətləri, insanın fəaliyyəti hidroqrafik şəbəkənin müxtəlif inkişafını müəyyən edir. Hidroqrafik şəbəkəyə aid olan əsas su obyektləri – çaylar, göllər və su anbarları Respublikanın müxtəlif təbii vilayətlərində qeyri-bərabər paylanılıb.

Milli parklar

Xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə olunan təbiəti mühafizə və elmi tədqiqat idarələri statusuna malik olan ərazilərdir.